Araz Seyyid Məhəmməd oğlu Budaqov

Araz Seyyid Məhəmməd oğlu Budaqov (7 dekabr 1938 – 28 may 2021) — terapevt-həkim,
müəllim,
SSRİ səhiyyə əlaçısı,
Azərbaycan SSR-in Sabirabad rayonunun Surra Kənd Zəhmətkeş Deputatları Sovetinin deputatı,
Tibb İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsinin sədri.

Araz Budaqov 7 dekabr 1938-ci ildə Ağdam rayonunun Umudlu kəndində kolxozçu ailəsində dünyaya gəlmişdir. Atası Seyyid Məhəmməd İsmayıl oğlu Budaqov, anası Ceyran Ağa qızı Hüseynova idi. Sonradan atası Budaqova Gülxar Qasım qızı ilə ailə həyatı qurmuş və o, Araza analıq etmişdir. Araz ailədə 10 uşaqdan (7 oğul, 3 qız) ən böyüyü idi.

Orta təhsilini Güllücə kəndin orta məktəbində almışdır. Həmin məktəbdə oxuduğu illərdə o vaxt özündən bir neçə sinif yuxarıda oxuyan, Azərbaycanın xalq artisti, muğam ifaçısı Qədir Rüstəmovla dostluq etmişdir. 1956-cı ildə Güllücə kənd orta məktəbini bitirmiş, elə həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

Gənc terapevt Araz həkimin təyinatı Sabirabad rayonuna olmasına baxmayaraq, ona böyüdüyü Ağdam rayonunda bir qədər fərqli sahə üzrə – göz həkimi kimi işləmək imkanını da təklif etmişlər. Lakin öz doğma ixtisasını sevən Araz həkim oxuduğu və gözəl yiyələndiyi ixtisası üzrə çalışmağı seçir. 1962-ci ildən peşə fəaliyyətinə başlayan Araz həkim əvvəlcə, Sabirabad rayonunun Yolçubəyli, Qaratəpə və Ulacalı kənd xəstəxanalarında baş həkim kimi fəaliyyət göstərmişdir. O, həmçinin təcili yardım stansiyasında da həkim kimi fəaliyyət göstərmişdir. 1963-cü ildə Axısxa kəndinə yeni açılan kənd sahə xəstəxanasına (əvvəlki adı Qaralı kənd xəstəxanası) baş həkim vəzifəsinə təyin olunur və təqaüdə çıxdığı 2011-ci ilə qədər orada terapevt – baş həkim kimi fəaliyyət göstərmişdir. Bundan əlavə, illərlə Sabirabad və Şirvan şəhərlərinin, həmçinin ətraf kəndlərin çoxsaylı tibb təhsili qurumlarında və səhiyyə ocaqlarında tələbələrə dərs demişdir.

Araz Budaqov həkimlik peşəsi ilə yanaşı rayonda içtimai-siyasi işlərlə da məşğul olmuş, dəqiq və məsuliyyətli fəaliyyətinə görə bir çox işlərə məsul edilmişdir.

Rayon əhalisinin etimadını qazanan Araz Budaqov Azərbaycan SSR Sabirabad rayon sovetinin deputatı seçilmişdir. Həmçinin o, 17 mart 1969-cu ildə 14 №-li Axısxa seçki dairəsindən Sabirabad rayonunun Surra Kənd Zəhmətkeş Deputatları Sovetinə deputat seçilmiş, o cümlədən, Tibb İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsinin sədri vəzifəsində (1977–1988) işləmişdir.

Həmçinin, Sabirabad Rayon Xalq Məhkəməsində və Azərbaycan Ali Məhkəməsində xalq iclasçısı kimi fəaliyyət göstərmişdir.

2005-ci ildə Sabirabad rayonunda Prezident İlham Əliyevin də iştirak etdiyi “Muğan” klinikasının açılış mərasimində Araz həkim də həkim və ağsaqqal kimi iştirak etmişdir.

Uğur və mükafatları
İşlədiyi müddətdə dəfələrlə “Sosializm yarışının qalibi” döş nişanı, Azərbaycan SSR Səhiyyə Nazirliyinin, rayon partiya komitəsinin, “Bilik” Cəmiyyətinin fəxri fərmanları ilə təltif edilmişdir. SSRİ səhiyyə əlaçısıdır. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanını, Vladimir İliç Leninin anadan olmasının 100 illik yubiley medalı, həmçinin SSRİ Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətinin medallarını və s. almışdır.

Medal və ordenləri
“Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə” yubiley medalı — (7 aprel 1970)
“SSRİ Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti”nin 50 illiyinə (1923–1973) həsr olunmuş orden — (23 may 1973)
“Sosialist Yarışının Qalibi” medalı (1973) — (27 fevral 1974)
“Sosialist Yarışının Qalibi” medalı (1976) — (2 avqust 1977)
“Sosialist Yarışının Qalibi” medalı (1978) — (23 may 1979)
“SSRİ Səhiyyə əlaçısı” döş inşanı (13 iyun 1983)

Fəxri fərman və diplomları

"SSRİ Qırmızı Xaç və Qızıl Aypara" Cəmiyyətinin fəxri fərmanı (29 dekabr 1971)
"Azərbaycan SSR Qırmızı Xaç və Qızıl Aypara" Cəmiyyətinin 50 illik yubileyi ilə bağlı fəxri fərmanı (29 iyun 1973)
Azərbaycan SSR Səhiyyə İşçiləri Həmkarlar İttifaqını Respublika Komitəsinin fəxri fərmanı (3 dekabr 1975)
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin fəxri fərmanı (21 sentyabr 1976)
"Bilik" Cəmiyyətinin təşəkkürnaməsi (3 fevral 1982)
"Bilik" Cəmiyyətinin təşəkkürnaməsi (28 avqust 1985)
Azərbaycan Kommunist Partiyası Sabirabad Rayon Komitəsinin fəxri fərmanı (1987)
"Bilik" Cəmiyyətinin təşəkkürnaməsi (8 fevral 1988)
Azərbaycan Respublikası Sabirabad Rayon İcra Hakimiyyətinin fəxri fərmanı (17 iyun 2001)
"Azərbaycan və Avropa" Redaksiyasının təltifnaməsi (4 noyabr 2008)
Sabirabad Mərkəzi Rayon Xəstəxanasının fəxri fərmanı (31 dekabr 2008)
Sabirabad Mərkəzi Rayon Xəstəxanasının fəxri fərmanı (17 iyun)

1978-ci ildə həmkarı, tibb bacısı Əliyeva Şəlalə Ərəstun qızı ilə ailə quran Araz həkimin bu evlilikdən 4 qızı və 1 oğlu dünyaya gəlmişdir. Ali təhsil alan qızlarının hər biri hal-hazırda müəllimlik fəaliyyəti ilə məşğuldurlar. Kompüter sahəsində təhsil alan və atasının adını daşıyan oğlu Məhəmməd isə öz sahəsində çalışaraq müəllimlik fəaliyyəti ilə də məşğul olur. Araz Budaqovun 12 nəvəsi var. Oğul nəvəsi onun adını daşıyıq.

Araz həkim 27 may 2021-ci ildə Sabirabad rayonunun Surra kəndində ürək çatışmazlığından dünyasını dəyişmişdir. May ayının 28-də isə kənd qəbirstanlığında (Sabirabad rayonu, Axısxa kəndi) dəfn olunmuşdur.

Vəfatından sonra yerli əhali Araz Budaqovun illərlə işlədiyi Axısxa kənd sahə xəstəxanasına onun adının verilməsi ilə bağlı məsələ qaldırmış və bu qərarın lehinə minlərlə imza toplanaraq müxtəlif qurumlara təqdim edilmişdir.

Araz Budaqovla bağlı görülən işlər
Araz Budaqov haqqında mətbuatda bir çox məqalələr çıxmış, yaxınları və onu tanıyanlar xatirəsini əbədiləşdirmək üçün bir çox işlər görmüşdür:

Elxanə Eminovanın müəllifi olduğu “Azəri yurdunun övladları” kitabında da Araz həkim haqqında yazmışdır.

“Təbliğatçı” jurnalının 31 may 1984-cü ildə çıxmış 5 nömrəli sayının üz qapağında Araz Budaqovun şəkli təsvir olunmuşdur;

“Muğan” qəzetinin 13 sentyabr 1990-cı ildə çapdan çıxmış 109 nömrəli sayında onun haqqında məqaləyə yer verilmişdir;

“Suqovuşan” qəzetinin 22 iyun 1995-ci ildə çap olunmuş 109 nömrəli sayında Surra kənd sakini Allahverdi Xəlilovun Araz Budaqov haqqında xatirə və düşüncələrindən ibarət məqaləsi dərc olunmuşdur;

“Suqovuşan” ictimai-siyasi qəzetinin 15 iyun 2004-cü il tarixində çıxarılmış № 12 (7023) sayında da Araz həkim haqqında məqalə yer almışdır;

“Muğan-Şirvan” qəzetinin 18 – 28 dekabr 2008-ci il sayında Araz Budaqovun 70 illik yubileyi ilə əlaqədar onu tanıyanların, yaxınlarının və qəzetin işçi kollektivinin təbrik məktubu çap olunmuşdur;

2020-ci ilin oktyabr ayında II Qarabağ Müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təşəkkür məktubu Xəzər TV-nin xəbərlər proqramında efirdə yayımlanmışdır;

Vəfatından 2 ay öncə, 12 mart 2021-ci il tarixində “Muğanın səsi” qəzetinin 7523-cü sayında jurnalist Elçin Nəsibin Araz Budaqovla olan müsahibəsi yer almışdır;

“Muğan Şirvan” qəzetinin 1 iyul 2021 tarixli sayında Araz Budaqovun vəfatı ilə bağlı məqalə çap olunmuş, məqalədə həkmin keçdiyi həyat yolundan və ölümünün yerli camaat və onu tanıyanlarda doğurduğu dərin kədərdən bəhs olunmuşdur;

Araz Budaqovun vəfatından sonra 2022-ci ilin mart ayında sabirabadlı ifaçılardan Məşədi Məhəmməd Sabirabadlı “Araz həkim” mahnısını yayımlamışdır;

Sabirabadlı jurnalist, “Muğan-Şirvan” qəzetinin baş redaktoru Elçin Nəsib “İllərin axarında” adlı kitabında Araz Budaqov barədə də yazmış, onun xatirələrinə və bioqrafiyasına yer vermişdir;

İstinad olunmuş mənbə: Wikipedia

482 dəfə cəmi baxılıb 2 dəfə bu gün baxılıb

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir