Əziz Məmməd Kərim oğlu Əliyev — Azərbaycanın dövlət və elm xadimi, tibb elmləri doktoru, professor.
Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də İrəvan quberniyasının Hamamlı kəndində tacir Məmməd Kərim Əliyevin ailəsində anadan olmuşdur. Atası Məmməd Kərim Kərbəlayi Qurbanəli oğlu kənd işləri ilə məşğul idi, anası Zəhra xanım məşhur İrəvan taciri İbrahim bəyin qızı idi.
Əziz Əliyev 8 yaşında rus-tatar (Azərbaycan) məktəbinə daxil olur və orada ibtidai təhsil alır. 1908-ci ildə o İrəvandakı gimnaziyaya daxil olur, 1917-ci ildə buranı bütün fənlər üzrə əla qiymətlərlə bitirir. Maddi cəhətdən təhsilini davam etdirmək üçün məktubla Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə müraciət edir və tezliklə həmin vaxt üçün kifayət qədər dəyərli vəsait hesab olunan 300 rubl kömək alır.
Elə həmin il o Sankt-Peterburqda tələbkar alimlərin iştirakı ilə aparılan müsabiqədən müvəffəqiyyətlə keçir və Rusiyanın ən nüfuzlu ali tibb məktəblərindən sayılan Hərbi Tibb Akademiyasına daxil olur.
Ə. Əliyev elə birinci kursun əvvəllərindən boş vaxtlarında Sankt-Peterburqda səpkili yatalaqla mübarizə əleyhinə təşkil edilmiş dezinfeksiya-profilaktika briqadasına işə düzəlir. Aldığı maaşla həm özünün minimal güzəranını təmin edir, həm də valideynlərinə yardım göstərir.
1923-cü ilin mayında Əziz Əliyev Bakıya köçür. Bu andan etibarən onun həyatının yeni mərhələsi başlanır. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, respublika Xalq Komissarlığı Şurasının katibi vəzifəsini icra edir. O bu çətin və məsuliyyətli vəzifələrdə çalışmaqla yanaşı, 1923-cü ildən etibarən yarımçıq qalmış ali tibb təhsilini BDU-nun tibb fakültəsində davam etdirir. O, 1927-ci ildə Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirir və universitetin daxili xəstəliklər kafedrasında saxlanılır.
Əziz Əliyev həmin kafedrada əvvəl ordinator, sonra isə aspirant, assistent və dosent kimi fəaliyyət göstərir. O 1929–1932-ci illərdə Azərbaycan Klinik İnstitutunun rektoru vəzifəsinə təyin olunur.
Əziz Əliyev İkinci Dünya Müharibəsindən həm əvvəlki, həm də sonrakı illərdə Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib və onun bu sahədəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunub. O, 1929-cu ildə Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarını müavini, xalq səhiyyə komissarı çalışarkən respublikanın bütün rayonlarını qarış-qarış gəzib, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb və namizədlik dissertasiyasını müdafiə etmişdir.
1929–1932-ci illərdə Azərbaycan Klinik İnstitutunun rektoru vəzifəsində işləmişdir.
1937-ci ildə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur.
Mənbə: Wikipedia
Bir cavab yazın