Şəhid Mayor – Cəfərov Şahlar

Azərbaycan tarixində öz imzası ilə iz qoyan şəxsiyyətlərdən biri də şəhid mayor – Cəfərov Şahlar Fəzail oğludur. O, 44 günlük Vətən müharibəsində öz canını fəda etməklə həm də qarşısına qoymuş olduğu məqsədini həyata keçirmiş oldu. O məqsəd ki, ona illərini, ömrünü həsr etmişdir. Bir hərbçi kimi təlimlərdə qazandığı bütün bilik və bacarıqlarını müqəddəs amal uğrunda sərf etməyin vaxtı çatmışdı. O da bu fürsətdən yararlanaraq Vətəninə olan sevgisini aşkara çıxara bilmişdir.

Şəhid mayor Cəfərov Şahlar – 05 İyun 1975-ci ildə Sabirabad rayonunun Xəlfəli kəndində anadan olmuşdu. Uşaqlıq illərindən vətəninə olan sevgisi, onu hərbi sahədə təhsil almağa həvəsləndirmişdir. Orta məktəbi bitirdikdən sonra o, 1993-cü ildə Bakı Ali Hərbi Birləşmiş Komandanlar məktəbinə daxil olmuşdur. 1997-ci ildə həmin məktəbi Leytenant rütbəsi ilə başa vuraraq ordu sıralarında peşəkar zabit kimi xidmətini davam etdirməyə başlamışdı. Daha 21 il orduda xidmət edən Şahlar Cəfərov bu müddət ərzində bir çox medallarla, diplom və sertifikatlarla təltif olunmuşdur.

Vətən müharibəsi başlayan zaman o, əvvəlcə böyük oğlu Seyfi Cəfərlini döyüşlərə yola salır. Daha sonra isə, təqaüddə olmasına baxmayaraq, özü də könüllü olaraq qardaşı – polkovnik-leytenant Bahadur Cəfərov ilə birlikdə müharibəyə yollanır.

Mayor Cəfərov Şahlar vətən müharibəsi zamanı ağır və həlledici döyüşlərdən sayılan Hadrut uğrunda gedən əməliyyatlarda qəhrəmanlıq göstərmiş, tabeçiliyində olan taborun şəxsi heyətinə əsl mərdlik nümunəsi göstərmiş və 14 Oktyabr 2020-ci il tarixində ağır yaralanaraq şəhidlik zirvəsinə ucalmışdır.

Göstərdiyi qəhrəmanlıqlara görə o, ölümündən sonra Ali Baş Komandan – İlham Əliyev tərəfindən “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni ilə, eləcə də “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şəhid mayor Şahlar Cəfərovun ortancıl oğlu Səməndər Cəfərlinin öz atasına həsr etdiyi hekayəni də sizə təqdim edirik:

Cənab Mayor Ağır yaralanmışdı, artıq yolun bitdiyini anlamışdı. Bir neçə dəqiqədə bütün ömrü gözlərinin önündən film lenti kimi gəldi keçdi. Atasını, anasını düşündü Cənab Mayor. Onu necə min bir əziyyətlə böyütdüklərini düşündü. Özünü saxlaya bilmədi, kədərləndi. Gözlərindən bir neçə damcı yaş yanağından süzülərək torpağa düşdü. Uşaq ikən Atası fəhlə idi. Səhər dan yeri söküləndə işə gedər, bütün günü “uşaqlar acdır, işləmək lazımdır” düşüncəsi ilə min bir əziyyətə qatlaşardı. Axşam qaranlıq çökəndə evə gələrdi.

Müharibəyə yollanmamışdan əvvəl Atasının qabarlı əllərini sanki hər şeyi əvvəlcədən bilirmiş kimi, sanki əlvida deyərmiş kimi sıxmışdı. Atası da onu həyatın yorduğu qonur gözləri ilə oxşamışdı. Anası Evdar qadın idi. Ya əkin-biçinlə məşğul olar, ya da ev işlərini görərdi. Oğlunu müharibəyə yola salanda çox qorxurdu və hətta ağlamışdı da. Amma onun sağ salamat gəlməyəcəyini ağlına belə gətirmək istəmirdi. Amma Cənab Mayor özü bilirdi, bilirdi ki, bu, müharibədir, hər şey olab ilər: Şəhid də ola bilərdi, yaralana da bilərdi, Sağ salamat da qayıda bilərdi. Amma neyləmək olar, Onun da Alnına Şəhadət Şərbətini içmək yazılıbmış. Sanki Allah onu bu uca zirvəyə layiq gördü. Sanki bütün həyatı boyu gördüyü çətinliklər qarşılığında mükafat idi bu onun üçün.

Onun uşaqlığı sakit keçmişdi. Evdə qardaş-bacıları olmasına rəğmən heç kimə qarışmazdı. Sanki həyatı boyu çətinlik çəkəcəyini bilirdi, sanki həyatının, arzularının yarım qalacağını bilirdi. Məktəb illərində də öz sakitliyi ilə seçilirdi. Heç kimə dəyib dolaşmaz, heç kimlə işi olmazdı. Müəllimləri onu nümunə olaraq göstərərdi. Məktəbi bitirdikdən sonra illərdir qəlbində saxladığı arzularını həyata keçirmək üçün əlində bir fürsət var idi. Uşaqlıqdan bəri Vətənə xidmət etməyi arzulayardı Cənab Mayor. Sonda da bu istəyi Cənab Mayor etdi. Nəhayət, Ali Hərbi məktəbə qəbul oldu. Orada da öz fərqliliyi, qabiliyyəti ilə seçilirdi. Dərslərində də yaxşı idi. Məktəbi bitirdikdən sonra Ordu sıralarına ixtisaslı zabit kimi daxil olur. Burada da hər kəsin hörmətini qazanmışdı. Nizam-intizamı və yüksək hərbi bacarıqları ilə seçilirdi O. Yoldaşları onun haqqında ağız dolusu danışardılar. 25 il xidmət etdi. Nə az, nə çox – 25 il Vətəninə xidmət etdi O. Ömrünün 25 ilini Bu arzu yolunda xərclədi. Artıq 43 yaşı vardı. Təqaüdə yollandı. Ömrünün qalan hissəsini Ailəsi ilə keçirmək istəyirdi. 3 oğlu var idi. Onları böyütmək heç də asan olmamışdı. Arzuları var idi onlarla bağlı. Çox şey istəməzdi onlardan, “yaxşı olun” deyərdi həmişə. “Mən istəyirəm ki, siz yaxşı olun”. O özü çətinlik çəkməyə razı idi ki, təki onlar yaxşı olsunlar.

Müharibə başlayanda ilk olaraq böyük oğlunu ön cəbhəyə yola saldı. Sonra isə qardaşı ilə birlikdə özü də müharibəyə, cəbhəyə yola düşdü. Döyüşdü, döyüşdü Cənab Mayor Hadruta qədər. Batalyon Komandiri idi Cənab Mayor. Evdəkilərlə danışanda hər şeyin yaxşı olduğunu bildirərdi. Fəqət, heç də hər şey yaxşı deyildi. Qələbəyə inamlı idi O. Çünki bilirdi, bilirdi ki, bu ordu qələbə qazanacaq. Bu qələbəyə bütün qəlbi ilə inanırdı. Axı illərdir bu qələbə üçün hazırlaşmışdılar. Hadrutun azad olunmasında da yaxından iştirak etdi komandirlik etdiyi batalyonun üzvləri ilə birlikdə. Lakin düşmən Həzm edə bilmədi bu məğlubiyyəti. Dəfələrlə əks-hücum etdi. Cənab Mayor da öz batalyonu ilə birlikdə onların hücumunun qarşısını almağa çalışdı. Çox həyəcanlı idi. İndi Hadrutun taleyi onların əlində idi bəlkə də. Cənab Mayor və batalyonu da ciddi-cəhdlə düşmənə qarşı vuruşanarın içərisində idi. Lakin birdən düşmənin atdığı toplardan biri Cənab Mayorun düz yanına düşdü. Topdan qopan qəlpələr onu ağır yaralamışdı. Fəqət, simasında müdhiş bir gülümsəmə vardı. Sanki illərlə gözlədiyi arzusu yerinə yetirdi. Hər şey bir anda gözlərinin önündən gəldi keçdi. Kövrəldi Cənab Mayor. Necə kövrəlməyəydi axı?! Necə kövrəlməyəydi?! Sadəcə sözlər belə kövrəltməyə kifayət edərkən keçdiyi həyat yolu, çəkdiyi əziyyətlər, duyğuları, düşüncələri gözünün önündən bir anda gəldi keçdi. Həyatını, sevincini, kədərini bölüşdüyü insanlardan “əlvida” belə deyə bilmədən ayrılırdı. Arzuları, arzuları vardı, sevdiklərinin hər biri ilə bağlı yarım qalan arzuları. Necə kövrəlməyəydi axı?! Amma qətiyyən peşman deyildi. Ağlında, fikrində sadəcə bir söz var idi: “Hər şey Vətən üçün”. Belə bir düşüncəyə sahib insan Vətənini qorumaq üçün sinəsini sipər etməzmi?!

Bu, bir şəxsiyyətin həyat hekayəsi idi. Şəhid kimi yaşayıb sonda da Şəhid olan Cənab Mayorun hekayəsi. Cənab Mayor bu hekayənin sonunu yaşayırdı… və bütün Vətən uğrunda canını fəda etdiyi üçün sevincli, Sevdiklərindən ayrıldığı, onları bir daha görə bilməyəcəyi, onlara bir daha sarıla bilməyəcəyi üçün ağrılı duyğularla gözlərini əbədi olaraq yumdu bu həyata. Cənab Mayor Şəhidlik zirvəsinə ucaldı. Ölmədi, ölməzliyə, əbədiyyətə qovuşdu. O gün göy də guruldadı, sanki buludlar da dözüb dayana bilmədi. O gün buludlar ağladı… Bu hekayəyə təbiət də biganə qala bilməzdi…Yağış artıq güclənmişdi…

460 dəfə cəmi baxılıb 3 dəfə bu gün baxılıb

Comments

4 responses to “Şəhid Mayor – Cəfərov Şahlar”

  1. Zulfi İslam Seyfullayev Avatar
    Zulfi İslam Seyfullayev

    Uca Allahdan əmimə və bütün şəhidlərimizə rəhmət diləyirəm və yaxınlarına təsir edənlərə səbr arzulayıram.

  2. Seymur Miriyev Avatar
    Seymur Miriyev

    Allah şəhidlərimizə rəhmət eləsin.Şəhidlərimiz bizim and yerimiz qurur mənbəyimiz , kişilik məktəbimizdir. Allah şəhidimizin atasi Fəzail müəllimə səbr ,gözlərinə nur ,dizlərinə taqət versin.Amin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir